DataLife Engine > Manşet / İqtisadiyyat > Dəmiryolu ilə yükdaşımaların həcmi niyə azdır?

Dəmiryolu ilə yükdaşımaların həcmi niyə azdır?


14-11-2017, 10:02. : Admin Dəmiryolu ilə yükdaşımaların həcmi niyə azdır?
Azərbaycanda ixrac mallarının 5,9, idxal mallarının 20 faizi dəmiryol nəqliyyatı ilə daşınır. Təkcə bu ilin 8 ayında yalnız 1 milyard 60 milyon dollarlıq idxal malları dəmiryolu ilə gətirilib.

Bu sözləri Axar.az-a iqtisadçı ekspert Qubad İbadoğlu dəmiryolu vasitəsilə idxal və ixrac edilən yüklərin həcmi və gəlirləri barədə danışarkən deyib.

Ekspert bildirib ki, yanvar-avqust aylarında Azərbaycan dünyanın 180 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib:

“Azərbaycandan 110 ölkəyə 8 ay ərzində məhsul ixrac olunub, 173 ölkədən də idxal edilib. Bu dövr ərzində xarici ölkələrlə 12,5 milyard dollar məbləğində, o cümlədən 7,2 milyard dollarlıq ixrac və 5,3 milyard dollarlıq idxal əməliyyatı aparılıb. İdxal mallarının 20 faizi dəmiryolu vasitəsilə həyata keçirilib.

Bu o deməkdir ki, bu ilin 8 ayında yalnız 1 milyard 60 milyon dollarlıq idxal malları dəmiryolu ilə gətirilib”.

Q.İbadoğlu bildirib ki, idxal və ixrac əməliyyatlarında dəmiryolu ilə daşınmanın payının az olması xarici ticarətdə məhsulların struktur göstəriciləri ilə bağlıdır:

“Azərbaycanın ixrac məhsulunun əsasən xam neftdən ibarət olması və onun da boru kəmərləri vasitəsilə nəql edilməsi, idxal mallarının isə ölkəyə əsasən Rusiya və Türkiyədən avtomobil nəqliyyatı vasitəsilə daşınması dəmiryol nəqliyyatının rolunu xeyli aşağı salıb. BTQ dəmiryol xəttinin işə düşdüyünü nəzərə alaraq, daşınmaların strukturunda dəmiryol nəqliyyatının xeyrinə dəyişiklik edilməsi üçün bu sektorda daşınma xidmətləri, tarifləri və standartları beynəlxalq tələblərə uyğunlaşdırılmalıdır. Dəmiryol nəqliyyatının texniki təchizatı və orta sürət göstəriciləri yaxşılaşdırılmalıdır. Amma yenə də idxal və ixrac mallarının quruluşundan və onun xüsusiyyətindən asılıdır. Əsasən neft və qaz ixrac edən ölkə üçün daşınmalarda yenə də əhəmiyyətli mövqe boru kəmərlərinə məxsus olacaq”.
dle 10.5