DataLife Engine > Manşet / Siyasət > NATO Cənubi Qafqazda Rusiyaya qarşı... - Politoloq

NATO Cənubi Qafqazda Rusiyaya qarşı... - Politoloq


25-11-2017, 10:00. : Admin NATO Cənubi Qafqazda Rusiyaya qarşı... - Politoloq
NATO-nun Dağlıq Qarabağ münaqişəsinin həllinə nə üçün müdaxilə etməməsinin səbəbləri ilə bağlı politoloq Nəzakət Məmmədovanın Axar.az-a müsahibəsini təqdim edirik:

- Cənubi Qafqaz regionuna NATO-nun o qədər də maraq göstərməməsinin səbəbləri nələrdir?

- Azərbaycanın NATO ilə əlaqələri getdikcə inkişaf etməkdədir. Lakin NATO Dağlıq Qarabağ münaqişəsinə müdaxilə etmək istəmir. Əvvəllər NATO, ümumiyyətlə, Cənubi Qafqaz regionuna daxil olmamaq strategiyası yürüdürdü, lakin son dövrlərdə Alyansın sammitlərində Gürcüstanın təşkilata potensial namizəd ölkə kimi nəzərdən keçirilməsi, habelə bu ölkədə Təlim Mərkəzinin açılması onu deməyə əsas verir ki, Cənubi Qafqaz NATO-nun maraq dairəsinə daxil olunmuş regionlar sırasındadır. Ümumiyyətlə, NATO Soyuq müharibədən sonra dünyanın müxtəlif bölgələrini öz məsuliyyət zonasına daxil etmək strategiyası həyata keçirməyə başladı. Əvvəllər ümumiyyətlə təşkilata aidiyyəti olmayan Əfqanıstan, Balkanlar, Şimali Afrikada NATO-nun müxtəlif əməliyyatları həyata keçirildi. Bununla yanaşı, Baltikyanı respublikalar, Mərkəzi və Şərqi Avropa ölkələri də NATO-ya daxil edildi.

- NATO-nun son dövrlərdəki fəaliyyətinin əsas prioriteti nədir?

- Prosesləri diqqətlə nəzərdən keçirsək, görərik ki, NATO-nun genişlənməsində əsas məqsədlərdən biri mümkün qədər çox Rusiyaya qonşu ölkələrin üzvlüyə və ya tərəfdaşlığa cəlb olunması ilə bu ölkənin “mühasirəyə alınıb” əl-qol açmasına imkan verməməkdir. Şərqdən Şərqi Avropa ölkələri, Şimaldan Baltikyanı ölkələrin NATO-ya üzvlüyə qəbul olunması bu strategiyanın nəticəsidir. Halbuki, 1949-cu ildə təşkilat yaradılarkən onun Nizamnaməsində əsas müddəalardan biri Şimali Atlantika bölgəsində sabitliyin və rifahın möhkəmləndirilməsi idi. NATO-nun ilk baş katibi Qastinqsin dediyi kimi, təşkilatın məqsədi “rusları kənarda, amerikalıları içəridə, almanları altda” saxlamaq idi. Lakin dəyişən dünya düzənində NATO-nun məqsədi artıq rusları kənarda saxlamaq, onlardan qorunmaq yox, Rusiyanı mühasirəyə almaqdır.

- Dağlıq Qarabağ münaqişəsinin həllinə NATO-nun müdaxilə etməməsinin xüsusi bir səbəbi varmı?

- Cənubi Qafqazın iki ölkəsinin arasında olan və Rusiyanın monopoliyaya aldığı Qarabağ münaqişəsinə müdaxilə təşəbbüsləri hələ ki, NATO tərəfindən müşahidə olunmur. Burada Rusiyadan başqa, İran amili də var və NATO Qarabağ münaqişəsinə müdaxilə edərək, Cənubi Qafqazdakı təhlükəsizlik məsələlərinin həllində iştirak etməklə həm Rusiya, həm də İranla üz-üzə gəlmiş olardı. Buna isə təşkilat hazır deyil. Eyni zamanda, NATO-da əsas söz sahibi ABŞ-la yanaşı, həm də Avropa ölkələridir və onların Rusiyadan enerji asılılığı, İranla da çox yaxın münasibətləri var. Rusiya ilə onsuz da Suriyada, Ukraynada qarşıdurma mövcuddur. İranla nüvə sazişini Avropa ölkələrinin etirazına baxmayaraq, ABŞ denonsasiya etmək istəyir. Belə bir qarşıdurma, bəzi mühüm, ziddiyyətli məsələlərin həll olunmadığı bir şəraitdə Cənubi Qafqazda Rusiya və İrana cəbhə açmaq NATO-nun hazırkı strategiyasına uyğun gəlmir. Bundan başqa, Qarabağ münaqişəsi ilə Minsk Qrupu məşğul olduğu və burada üç güc mərkəzinin - ABŞ, Avropanın təmsilçisi Fransa və Rusiyadan ibarət üçlük - arasında balans mövcud olduğu üçün, Qərbin hərbi təşkilatının məsələyə müdaxiləsi məqsədəuyğun hesab olunmur.
dle 10.5