DataLife Engine > Manşet / Siyasət > Rusiyaya qarşı çoxistiqamətli savaş: Putin təslim olmur...

Rusiyaya qarşı çoxistiqamətli savaş: Putin təslim olmur...


29-03-2018, 09:01. : Admin Rusiyaya qarşı çoxistiqamətli savaş: Putin təslim olmur...
Skripal olayına görə rus diplomatlarının Qərb ölkələrindən çıxarılması çox ciddi məsələdir və bu, Rusiyaya qarşı mənfi beynəlxalq rəyin yaradılmasından xəbər verir.

Bu sözləri Axar.az-a açıqlamasında fəlsəfə doktoru Elxan Ələsgərov deyib. Politoloq bildirib ki, Qərbin Rusiyaya qarşı son addımları diplomatiyada çox kəskin müharibələrə səbəb ola bilər:

“Rusiyaya qarşı aparılan bu aksiyanın arxasında duran planlara daha dərindən yanaşılmalıdır. Çünki bu proses Rusiyanın ABŞ-da prezident seçkilərinə müdaxilədə ittiham olunması ilə başladılan uzunmüddətli dalğavari prosesin davamıdır. Rus iş adamları və şirkətlərinə qarşı sanksiyalar, Rusiyanın bəzi ölkələrdəki əmlakına və ən nəhayət diplomatik nümayəndələrinə qarşı tədbirlər, həmçinin, Olimpiya oyunlarında dopinq məsələsi ilə bağlı ortalığa çıxan məsələlər isə həmin geniş planın sadəcə bir halqasıdır. Rusiyaya qarşı aparılan bu uzunmüddətli təzyiq planı davam etdiriləcək və bu prosesdə yeni formalar qəbul olunacaq. Çünki Rusiya ilə hərbi müharibəyə heç kim girmək istəməz. Ona görə də Rusiya ilə müharibə başqa sahələrdə gedir. Məsələn, hazırda bir qrup ölkənin Britaniyaya dəstək verərək rusiyalı diplomatları deportasiya etməsi Rusiya ilə aparılan siyasi savaşın, Putin və onun yaxın ətrafının ofşor hesablarına qarşı nəzərdə tutulan sanksiyalar isə iqtisadi savaşın yeni mərhələsidir. Bu, sıradan bir məsələ deyil və açıq şəkildə Rusiyaya tabe olmaq mesajı verilir. Rusiyanın baş verənlər fonunda hansı şərtlərlə razılığa gedib-getməyəcəyi isə hələlik sual altındadır”.

Qeyd edək ki, Skripal insidentinə görə dünyanın 28 ölkəsindən 146 rus diplomatı qovulub. ABŞ isə bu rəqəmin 151 olduğunu açıqlayıb.
dle 10.5