DataLife Engine > > FHN-dən uçan körpü ilə bağlı açıqlama: Qərar veriləcək
DataLife Engine > Manşet / Hadisə > FHN-dən uçan körpü ilə bağlı açıqlama: Qərar veriləcək

FHN-dən uçan körpü ilə bağlı açıqlama: Qərar veriləcək


3-06-2018, 17:06. : Admin FHN-dən uçan körpü ilə bağlı açıqlama: Qərar veriləcək
Fövqəladə Hallar Nazirliyi və Azəravtoyol ASC-nin mütəxəssisləri Göyçay çayında gursululuğun artması nəticəsində qəzalı vəziyyətə düşən körpüyə ilkin baxış keçiriblər.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

“01 və 02 iyun 2018-ci il tarixlərində Respublikanın bəzi dağlıq ərazilərində yağan yağışlar nəticəsində dağ çaylarında suyun səviyyəsi artmışdır. Göyçay çayında yaranmış gursululuq nəticəsində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 217-ci kilometrliyində ümumi uzunluğu 76,2 m olan metal körpünün Bakı istiqamətində olan və yolla birləşən hissəsi - sol kənar konusu (təqribən 6 m uzunluqda) və piyada körpüsü dağılmışdır.

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin və "Azəravtoyol" ASC-nin mütəxəssisləri körpüyə visual texniki baxış keçirmişlər. İlkin baxış zamanı müəyyən olunmuşdur ki, körpü yanında çay yamaclarının və körpünün kənar dayaqlarının yuyulmasının qarşısını almaq üçün tikilən su tənzimləyici qurğu yuyularaq dağılmış, sel sularının sürətini azaltmaq üçün tikilən barraj divarının da bir hissəsi yuyulmuşdur. Bu isə yolun qəza vəziyyətinə düşməsinə və müvəqqəti bağlanmasına səbəb olmuşdur.

Mütəxəssislərin fikrinə görə körpünün əsas yükdaşıyan konstruksiyaları ciddi deformasiyaya məruz qalmamışdır. Körpünün dayaqları dərinliyi 14 m olan svay özüllər üzərində inşa edilmişdir. Sel suları zəiflədikdən sonra körpüyə yenidən texniki baxış keçirilərək, onun dayanıqlığı barədə tam qərar veriləcək”, - məlumatda qeyd olunub.

Bildirilib ki, hazırda Fövqəladə Hallar Nazirliyinin, Azəravtoyol ASC-nin və Göyçay Rayon İcra Hakimiyyətinin mütəxəssisləri tərəfindən çay üzərindən alternative körpünün salınması üçün təkliflər hazırlanır:

“Hələlik Göyçay rayon mərkəzinə getmək üçün alternativ yol olaraq Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə Dövlət sərhədi yolundan keçməklə Göyçay-Ucar və Göyçay-Bərgüşad yollarından istifadə etmək tövsiyə olunur”.
dle 10.5