DataLife Engine > > İrana qarşı sanksiyalar nə ilə nəticələnə bilər? - Analitik
DataLife Engine > Manşet / Siyasət > İrana qarşı sanksiyalar nə ilə nəticələnə bilər? - Analitik

İrana qarşı sanksiyalar nə ilə nəticələnə bilər? - Analitik


7-08-2018, 09:09. : Admin İrana qarşı sanksiyalar nə ilə nəticələnə bilər? - Analitik
ABŞ maksimum dərəcədə İranın vəziyyətini ağırlaşdırmağa çalışacaq.

Bu sözləri Axar.az-a ABŞ sanksiyalarının İrana təsiri barədə danışan analitik Vüqar Zifəroğlu deyib. O bildirib ki, burada hədəf İrandakı rejimi dəyişdirmək və ya İranı ABŞ-ın şərtləri daxilində müəyyən güzəştlərə məcbur etməkdir:

“Bu mənada artıq iqtisadi sanksiyaların bir hissəsi qüvvəyə minib. İkinci sanksiyaların tətbiqi üçün də ABŞ-ın çox gözləyəcəyini düşünmürəm. Bu sanksiyaların İran üçün nəticələri heç də müsbət deyil. Bildiyiniz kimi, İranda artıq böyük şəhərlərdə etiraz aksiyalarına da start verilib. Hətta İranın Valyuta Fondu ilə bağlı müəyyən müzakirələr aparılır. İran valyutasına nəzarət şurasındakı məsul şəxslərdən biri artıq həbs edilib”.

Analitik vurğulayıb ki, bu təzyiqlərin təsiri ilə İranda çox ciddi proseslər getməkdədir:

“ABŞ təzyiqlərini artırdıqca İrandakı vəziyyət daha da gərginləşəcək. Amma bütün bunların İranda rejim dəyişikliyinə səbəb olub-olmayacağını deyə bilmərik. Nəzərə almaq lazımdır ki, İranın özünün də əlində kifayət qədər ciddi resurslar və müəyyən təzyiq alətləri var. Ən azı Hörmüz boğazının bağlanması məsələsi İranın əlində ciddi üstünlükdür”.

Analitikin sözlərinə görə, İran manipulyativ təsir və təzyiq imkanlarına malikdir:

“İranın bu alətlərdən istifadə etməsi də real görünür. Hər halda ABŞ-ın son iki gündür verdiyi açıqlamalara nəzər salsaq görərik ki, onlar danışıqlara hazır olduqlarını bildirir. Əslində, burada proseslər nə qədər gərgin getsə, bir o qədər ciddi fəsadlara gətirib çıxarar. Çünki İran elə bir ölkədir ki, orada gedən hər hansı proses ümumiyyətlə bütün regiona sıçrayacaq. Burada həm məzhəbsəl, həm də başqa faktorlar var. Şübhəsiz ki, bütün bunlar öz mənfi təsirini göstərəcək. Düşünürəm ki, ABŞ-İran münasibətlərindəki gərginliyin bu cür yüksək səviyyədə davam etməsi əslində hər iki ölkənin də maraqlarına cavab vermir”.
Qeyd edək ki, ötən gün ABŞ İrana qarşı sanksiyaların bir hissəsini bərpa edib.
dle 10.5